YENİ FİFA REFERİLƏRİ - FARİZ YUSİFOV VƏ BABƏK QULİYEV

single-news
27 Sen 2005

YENİ FİFA REFERİLƏRİ - FARİZ YUSİFOV VƏ BABƏK QULİYEV



Dünən AFFA 2006-cı ildə FİFA-nın bayrağı altında keçiriləcək yarışları idarə edəcək hakimlərin adlarını açıqlayıb. Planetin ən ali futbol qurumu 13 azərbaycanlıya beynəlxalq dərəcəli hakim statusu verib. Xaqani Məmmədov, Fariz Yusifov və Babək Quliyev növbəti ildə futbol matçlarında baş hakim funksiyasını yerinə yetirəcək. 44 yaşlı X.Məmmədov artıq 10 ildir FİFA referisidir və o, yaş məhdudiyyətinə görə istənilən halda, 2006-cı ildə baş hakim karyerasını başa vuracaq. 33 yaşlı F.Yusifov perspektivli hakimlərdən sayıldığı halda, B.Quliyev ötən ilədək futzal yarışlarında hakimlik edib. Yeri gəlmişkən, sonuncuları az öncə FİFA referiliyindən geri çağırılan Zöhrab Qədiyev və İmanxan Sultanini əvəzləyib. Hakim köməkçiləri Azad Hüseynov, Ramiz Əsədov, İlham Əliyev, Aydın Ələkbərov, Elman Musayev və Mehman Mahmudovdur. Xatırladaq ki, 2005-ci ildə Munis Abdullayev və Eldar Nağıbəyov da beynəlxalq yarışlara təyinat alırdılar. Ancaq bu dəfə FİFA onlara etimad göstərməyib. Futzal üzrə yenə də iki FİFA referimiz var. Amma onların adı dəyişib. Babək Quliyev və Azad Mütəllimovun yerinə 2006-cı ildən qitə və dünyamiqyaslı turnirlərdə Anar Niyazov və Azər Məmmədovu görmək mümkün olacaq. Təcrübəli Venera Muradova qadın futbolu yarışlarında gələn il də baş hakimlik edəcək. Bundan başqa, FİFA-nın qərarı Nuranə Muradovanı da sevindirib. 23 yaşlı N.Muradova 2006-cı ildə hakim köməkçisi funksiyasını yerinə yetirəcək.

Paylaş