Yenilərin duelində yenilər fərqləndi (FUTBOL+, 13.02.2006)

single-news
13 Fev 2006

Yenilərin duelində yenilər fərqləndi (FUTBOL+, 13.02.2006)



Bu matç hər iki komandanın yeni simasına ilk baxış olduğundan xeyli maraq kəsb edirdi. Güclənmiş “Qarabağ”la əks qrafik cızan “Turan”ın oyunu isə kiçik narazılıqla başladı. Hakimin start fitindən əvvəl də, oyunun ilk dəqiqələrində də yerli azarkeşlər qonaq fanların fəallığını həzm edə bilmirdi. Meydan sahiblərinin heyətindəki dəyişiliklər taktikada da öz əksini tapmışdı. Sergey Sokolov ön müdafiəçi mövqeyinə çəkilmişdisə, Bojan İliçin komandada peyda olması Romal Hüseynovun sağ cinaha keçməsinə səbəb olmuşdu. Bəri başdan qeyd edək ki, sonuncu passiv olan Bojandan fərqli boş dayanmırdı. Matçın ən yaxşılarından olan yarımmüdafiəçinin səyləri nəticəsində erkən qol da qeydə alına bilərdi. Amma nə Samir Musayev, nə də Aslan Kərimov ötürmələri dəqiq tamamlaya bilmədi. Hələ ilk yarıda əks cinahdan aldığı iki ötürməni də boşa verən Samir kimi Qoqa Beraya da yeni klubunda qol hesabını açmağı bacarmadı. Romalın başdadığı hücumu qapayarkən onun ayağı boşa çıxdısa, Aslanın ötürməsindən sonra qolkiper onun sevinməsinə əngəl oldu. Qonaqlar isə hamını təəccübləndirdi. Gözlənildiyi kimi, bir hücumçuyla oynayan tovuzluların müdafiə xətti daha çox diqqət çəkirdi. Hətta daha yaxşı ifaçıların olduğu vaxtlarda da xətti müdafiə oynamağa cəsarət etməyən komanda bu dəfə yeniliyə ehtiyac duymuşdu. Elxan Abdıyevlə İrakli Vaşakidze ciddi səhvə yol verməməklə yanaşı, həm də oyundaşlarının qüsurlarını aradan qaldırmalıydı. Sağ cinahda reallaşan təhlükələr Aqil Nəbiyevin səhvləri hesabına yaranırdı. Elə yeganə qolda Sokolovun irəli şığıyıb məhsuldar ötürmə verməsi də onun “hesabına” yazılmalıdı. Amma qərblilər də məğlub olmaq üçün Bakıya gəlmədiklərin hələ ilk yarıda nümayiş etdirmişdi. Rüfət Qulimyevin 35 metrdən zərbəsini qapıçı “doqquzluq”dan çıxarmışdısa, fasilə ərəfəsində Vüsal Qarayevlə Rüfət dirəyin yanında topu bölüşə bilməməklə zərbə şansını qaçırmışdı. Oyunun fərqlənənlərindən danışarkən qapıçıları da qeyd etmək olar. Daha çox “tənha xilaskar”ı xatırladan Kamran Ağayev böyük hesaba əngəl olmağı bacardısa, Kovalyov iki dəfə əla qurtarış etdi. Beraya qardaşları “Gəncə”dəki oyunununu sərgiməməklə yeniləşən “Qarabağ”ın gözləniləni verməməsinə də töhfəsini verdi. İraklinin ikinci təkbətəki Kamrana uduzması isə gənc qapıçının ayağına yazılmalıdı. Matçın referisi isə 73-cü dəqiqədə də “fərqləndi”. Matçın ən yaxşılarının yan xətt yaxınlığındakı toqquşmasında əsəblərini cilovlaya bilməyən Romal Hafizi vursa da, Sultani oyunçuları sakitləşdirməklə kifayətləndi. Böyükağa Ağayev hətta Romalı əvəzləməklə onu ikinci sarı vərəqədən qorudu. Hafiz isə matçın son dəqiqəsinə kimi orta sahədə təcrübəli rəqiblərlə layiqli mübarizə aparmağı bacardı. Dəfələrlə onun istedadını nümayiş etdirməsi də qonaqlara yetərli olmadı. Böyükağa Ağayev, “Qarabağ”ın baş məşqçisi: “İlk oyunun çətin olacağını bilirdik. Yeni oyunçuları bir həftə əvvəl komandaya qatdığımızdan bu qaçılmaz idi. İnanıram ki, get-gedə artıracağıq”. Sakit Alıyev, “Turan”ın baş məşqçisi: “Rəqibi yaxşı oyun və qələbəyə görə təbrik edirəm. Komandamızda olan çatışmazlıqlar özünü büruzə verdi”.

Paylaş