Yerli hücumçuların fikrincə, bombardirlik mübarizəsi bitməyib (FUTBOL+, 08.12.2005)
8 Dek 2005
Yerli hücumçuların fikrincə, bombardirlik mübarizəsi bitməyib (FUTBOL+, 08.12.2005)
Sovet ordusunda xidmət edən azərbaycanlıları çox vaxt ya inşaat batalyonuna, ya da aşbazlıq və bu kimi işlərə göndərərdilər ki, bunu da bizimkilərin hərb işində səriştəsiz olmasıyla bağlayırdılar. Hərb işiylə futbol arasında müəyyən oxşarlıq tapmaq mümkündü. Axı futbolçular da əsgərlikdə olduğu kimi rejimə əməl etməli, nizam-intizama tabe olmalıdı. Bir də nə fərqi var, rəqib elə rəqibdi. Düşmənə (oxu rəqibə) qarşı döyüş meydanında mübarizə aparmalı olursansa, futbolda güclünü müəyyən edən yer stadiondu. Silahın da olur dəri "mərmi". Amma deyəsən, futbol da bizlik deyil. Zorla deyil ki, bacarmırıq. Top oyununun gözəlliyi həm də qol vurmaqdı. Yerli futbolçuların baxımlı oyun sərgiləyə bilməməsi bir yana, qol vurmaqla da arası yoxdu. Ölkənin sayılıb-seçilən futbolçularının cəlb olunduğu əsas və 21 yaşlılardan ibarət millimiz tsikl ərzində ümumilikdə 20 oyuna cəmi iki dəfə rəqib qapısına yol tapa bilirsə, məncə, əlavə şərhə ehtiyac qalmır. Bu gün ölkə birinciliyində az-çox səviyyə artımından söhbət gedirsə, şübhəsiz, bu irəliləyiş elitada top qovan əcnəbilərin sayəsində mümkün olub. Təsadüfi deyil ki, cari mövsümün bombardirlər siyahısında ilk 6 yeri əcnəbilər tutur. Əcnəbilər ölkəsinin ikinci, üçüncü dərəcəli oyunçuları olsa da, səviyyəcə bizimkiləri üstələyir. Düzdü, ötən mövsüm elita klublarının heyətində çoxlu əcnəbi top qovsa da, sonda ən məhsuldar oyunçu adını məhz yerli futbolçu aldı. Milli çempionatlar tarixində cəmi bir dəfə bombardirlik bacarığına görə yerli futbolçuları üstələyən tapılıb. Gürcü Badri Kvaratsxeliyanın bu uğurunu gəlmələr cari mövsüm təkrarlamağa çox yaxındı. Bəs görəsən, hansı səbəbdən Zaur Ramazanov, Samir Əliyev, Samir Musayev, Nadir Nəbiyev, Fərrux İsmayılov kimi qolçu isimlərin adı bombardirlər siyahısında yoxdu? Heç kimə sirr deyil ki, ölkəmizə axışan legionerlərin əksəri ampluaca hücumçu və yarımmüdafiəçilərdi. Çox az-az hallarda klublarımız gəlmə qapıçı və müdafiəçiyə ehtiyac duyur. Bu həm də onun göstəricisidi ki, klub başbilənləri də gəlmələrin şanslardan yararlanmaq baxımından bizimkilərdən üstün olduğunu anlayır. Bu yerdə diqqəti elə də cəlb etməyən, amma yetərincə ciddi olan bir amili vurğulamaq yerinə düşər. Belə ki, gəlmə və yerli futbolçuların vurduğu qolların əksəriyyətinin ötürməsini də əcnəbilər verib. Deməli, gəlmə assistentlər daha çox özünkülərin fərqlənməsinə şərait yaradıb. Bu isə yerli futbolçuları qıcıqlandırmalıdı. Bombardirlik yarışında öndə gedən gəlmələrin sırasına ən yaxşı halda Nadir Nəbiyev qoşula bilər. Hesabında 6 qol olan "Neftçi"nin hücumçusu Ticani ilə Mişuradan üç top geri qalır. Sonuncu iki mövsümün bombardirlərindən Samir Musayev 4, Zaur Ramazanov isə cəmi 1 dəfə qol sevinci yaşayıb. Ötən mövsüm Zaurla daban-dabana mübarizə aparan Samir Əliyevin hesabında da 4 qol var. "Karvan"ın Fil Dişi Sahilindən olan legioneri Yakuba Bambayla rəqabətdə uduzan Fərrux İsmayılov isə komandasının cəmi iki qoluna adını yazdırıb. Adını sadaladığım təcrübəli hücumçuları qabaqlayan OMİK-li Ramazan Abbasovun 5 qola imza atması alqışlanası haldı. Amma gənc forvardın bu qollardan üçünü penaltidən vurduğunu, üstəlik, şərəfini qoruduğu komandanın autsayder olduğunu nəzərə alsaq, bombardirlik uğrunda sona qədər mübarizə aparacağı inandırıcı deyil. Konkret suallarla müraciət etdiyimiz hücumçulardan kimisi əcnəbilərdən səviyyəcə geri qaldığını, kimisi isə lazımınca ötürmə almadığını dedi. Amma demək olar hər biri mövsümün sonunda yerlilərdən kiminsə bombardir olacağını iddia etdi.
1. Əcnəbilərin yerli hücumçuları üstələməsi sənə necə təsir edir?
2. Fərqlənə bilməməyinizin səbəbini nədə görürsən? Bəlkə hücumçu keyfiyyətlərinə görə səviyyəcə gəlmələrdən geri qalırsan?
3. Yarımmüdafiəçilərin legionerlərə daha çox ötürmə verməsi faktıyla rastlaşmısanmı?
4. Bu gedişlə əcnəbi, yoxsa yerli futbolçu bombardir olacaq?
...
Samir Musayev("Qarabağ"ın hücumçusu):
1.Açığı gəlmələrin bizi üstələməsi ləzzət eləmir. Onlar bizdən səviyyəcə üstün olsayd dərdyarı. Bunu normal qarşılamaq olardı. Ancaq onları qaldırıb dağın başına qoymuşuq.
2. Düzdü, əcnəbilər qol imkanlarından maksimum yararlana bilirlər. Amma gəlin görək, kimin üçün daha çox qol epizodu yaranır.
3. Müəyyən mənada o fikirlə razıyam ki, özümüzkülər lazımınca topla təmin olunmur. Millətimizin qanında var, qəribin xətrinə dəymək istəmirlər. Lazımınca qol vura bilməməyimizin bir səbəbi də ögey-doğmalıq edilməsiylə bağlıdır.
4. İndiyə qədər hansı əcnəbi bormardir olub ki? Mövsümün sonunda şahid olacaqsız, kim çox qol vuracaq. Yüz faiz deyə bilərəm ki, yerli futbolçulardan kimsə bu ada layiq görüləcək. Həmin futbolçu Nadir də, Samir də, elə mən də ola bilərəm.