Yevlaxda ikinci döyüş-1/4 final ( HET TRİK, 03.03.2006)
3 Mar 2006
Yevlaxda ikinci döyüş-1/4 final ( HET TRİK, 03.03.2006)
75 günlük fasilədən sonra sabah ölkə kubokunun növbəti mərhələsinə start veriləcək. 1/4 final mərhələsində 2 oyun martın 5-i, 2-si isə ertəsi gün keçiriləcək. İlk oyun günü qarşılaşmaların hər iki paytaxtda baş tutacaq. Növbəti günün oyunları isə əyalətdə keçirilməlidir.
Çempionatda liderlər qrupunda yer alan "Neftçi" kuboka da iddialıdır. Rəqibin zəifləmiş "Turan" olduğunu nəzərə alsaq, yarımfinala çıxmaq çempion üçün problem olmamalıdır. Burada bir məqama da diqqət yetirmək lazımdır. "Turan" çempionluq yarışından kənarda qalıb. İndi onların praktiki cəhətdən avrokuboklara yollanmaq üçün yeganə şansları ölkə kubokunu qazanmaqdır. Digər tərəfdən klublar arasında olan rəqabət matçın gərgin və prinsipial keçəcəyindən xəbər verir. "Neftçi"nin səviyyə və heyət baxımından rəqibini üstələməsinə baxmayaraq, "Turan"ın çempiona asan təslim olacağını da zənn etməyə dəyməz.
Bugünlərdə Almaniyada hər iki ayağından əməliyyat olunan Zaur Tağızadə matçı buraxmaq məcburiyyətindədir. Qonaqlardan Səbuhi Həsənov da zədə üzündən meydana çıxa bilməyəcək. "Neftçi"ylə oyuna özünü yetirəcəyi gözlənilən Asen Nikolov isə hələ də gəlib çıxmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Rasim Əliyevin verdiyi məlumata görə, Nikolov "Turan"ın düşərgəsində deyil. Əgər Asen bugünlərdə gəlib çıxsa belə, oyun praktikası olmadığından, matçı buraxacaq.
"Bakı" 1/4 finala çıxanda düşünə bilərdi ki, "Qarabağ"ı asanlıqla məğlub edəcək, indi isə yox. Məlum olduğu kimi, dövrələrarası fasilədə Ağdam təmsilçisi heyətini kifayət qədər gücləndirib və əsas iddiası ölkə kubokuna sahib çıxmaqdır. Çünki onların da avrokuboklara yollanmaq üçün ən asan variantı budur. Çempionluq uğrunda mübarizəni davam etdirən "Bakı" da kubok iddiasındadır. Yəqin onlar ehtiyatı əldən vermək istəmirlər. Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, "Bakı" ölkə kubokunun son sahibidir və cidd-cəhdlə çalışacaq ki, titulunu qorusun. Matçöncəsi "Qarabağ" heyətdə ciddi itkiylə üzləşib. "Olimpik"lə oyunda aldığı zədəyə görə sağ ayağının diz nahiyəsindən əməliyyat olunan hücumçu İrakli Beraya oyunu kənardan izləyənlər arasında ola bilər. Qonaqlardan isə hələ də zədəsini sağaltmayan Rauf Mehdiyev eyni aqibətlə barışmalıdır.
Kubokda yoluna davam edənlər arasında "MKT-Araz" - "Xəzər-Lənkəran" dueli yeganə cütlükdür ki, hər iki tərəf çempionluq şansını nəzəri cəhətdən itirib. İndi tərəflərin yeganə iddiası kubokadır. Fasilədə əyalət təmsilçiləri sıralarını gücləndirərək, yollarına davam etmək fikrindədirlər. Elə imişlilərin ukraynalı çalışdırıcısı İqor Nakoneçnı də bu fikirdədir: "Nəzərə alsaq ki, kubok oyunları iki oyundan ibarətdir, hesab edirəm, bizim üçün çətin olacaq. Bütün klublar qədər bizim də şansımız var ki, kuboku qazanaq. Deyə bilərəm ki, "Xəzər-Lənkəran"la eyni gücdəyik".
Bu qarşılaşmanı həm də əcnəbi məşqçilərin dueli adlandırmaq olar. Nakoneçnı nikbin danışsa da, heyətdə olan itkilər onu qayğılandırmaya bilməz. Komandanın əsas oyunçularından olan Zeynal Zeynalov son oyunda qırmızı vərəqə aldığından, Murad Ağakişiyev isə zədəli olduğuna görə meydana çıxmayacaq. Klub rəsmilərindən birinin dediyinə görə, həkimlər çalışırlar ki, mümkün qədər Ağakişiyevin zədəsi tez sağalsın. Buna baxmayaraq, onun meydana çıxması hələ də sual altındadır. Cənublulardan isə Kinqsli Atakora zədəli, Martin Stankov isə cəzalı olduğundan matçı buraxmaq məcburiyyətindədir.
Əvvəlcədən nəzərinizə çatdıraq ki, matç olduqca gərgin və prinsipial şəraitdə keçəcək. Bu, təkcə tərəflərin çempionatda liderlər mövqeyində yer almasıyla bağlı deyil. "Karvan" - "İnter" arasında son oyun da elə Yevlaxda baş tutmuşdu. Matçdan əvvəl isə tərəflər arasında məlum kasset qalmaqalı yaşandı. İlk dövrədə paytaxtda keçirilən qarşılaşmadan sonra "Karvan"ın baş məşqçisi Yunis Hüseynov hakimdən narazılığını bildirərək, "İnter"in layiq olmadığı qələbə qazandığını bildirmişdi. Çempionatda duellərin birində qələbə qazanan paytaxt təmsilçisi digər görüşdə meydanı məğlub tərk etməməklə "Karvan"dan güclü olduğunu göstərmişdi. İndi "bank təmsilçisi" bunun təsadüf olmadığını, Qərb klubu isə əksini sübut etməyə çalışacaq. Qonaqlardan çoxdandır zədəsini bərpa etməyən Vyaçeslav Lıçkinlə son oyunda sıradan çıxan Ruslan Poladov meydana çıxmayanlar sırasındadır. Meydan sahiblərindən isə İsmayıl Məmmədovun vərəqə limiti dolduğundan, o, oyunu kənardan izləyəcək. Bir neçə qarşılaşmada zədə üzündən meydana çıxmayan müdafiəçi Tərlan Əhmədov artıq komandayla birgə məşq edir. Onun oynayıb-oynamayacağı isə baş məşqçidən asılı olacaq.