YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 3 - 1 "GƏNCLƏRBİRLİYİ"

single-news
28 Yan 2006

YOLDAŞLIQ MATÇI: "QARABAĞ" 3 - 1 "GƏNCLƏRBİRLİYİ"



"Qarabağ" Futbol Klubu iki dəfə hava şəraitinin pis olması səbəbindən "Gənclərbirliyi" ilə təxirə saldığı yoldaşlıq matçını bu gün keçirdi. "Şəfa" stadionunda baş tutan matçda komandamız baxışa çağırdığı oyunçularını sınaqdan keçirdi. Qapıda Vitaliy Kovalyov, müdafiə xəttində Almir Süleymanoviçlə yeni baxışa çağırılmış sloveniyalı Zoran yer almışdısa, yarımmüdafiə xəttində Romal Hüseynovla iki qaradərili futbolçu heyətə daxil edilmişdi. Hücum xəttində Aleksandr Voskoboynik və Egidius Juska yer almışdı.Yanlardan isə sağ tərəfdə Mübariz Orucov, sol tərəfdə isə Bojan İliç hücuma dəstək olmalı idi. Hər şey ilk hissədəcə həll olundu. Matçın 5-ci dəqiqəsində cərimə meydançasında qayda pozuntusundan sonra Juska 11 metrəlik cərimə zərbəsindən hesabı açdı. Meydanın mərkəzində rəqib hücumunun qarşısını alan komandamız hissənin sonlarına doğru tam üstünlüyə yiyələndi.Burada isə böyük pay sahibi mərkəzdə Romal Hüseynovun payına düşdü. Məhz onun mərkəzdə Aslan Kərimovun yoxluğunu hiss etdirməməsi ilk hissdə "Gənclərbirliyi"nin daha iki dəfə topu öz qapılarından çıxarmasına səbəb oldu. Qeyd edək ki, hər iki topu rəqib qapısından Juska keçirərək matçda het-trikə imza atdı. İkinci hissədə də komandamız üstün oyun nümayiş etdirdi. Belədə rəqib kobudluğa əl atdı ki, bunun da səbəbindən ikinci hissədə Vitaliy Kovalyovu əvəzləyən Cahangir Həsənzadə üz nahiyəsindən ciddi zədə aldı. Məcburi əvəzləmə nəticəsində Elçin Cəfərovun meydana daxil olması ilə ilk həmlədəcə səhvi üst üstə düşdü... Beləliklə gözəl oyun nümayiş etdirən "Qarabağ" layiq olduğu qələbəni qazandı.

Paylaş