YOXLAMA GÖRÜŞÜ KEÇİRİLƏCƏK
YOXLAMA GÖRÜŞÜ KEÇİRİLƏCƏK
“Qarabağ” Futbol Klubu hazırlıqlarını davam etdirir. Martın 19-u “İnter”lə baş tutan kubok görüşündən sonra komandanın baş məşqçisi Rasim Kara futbolçulara Novruz bayramı ilə əlaqədar olaraq 3 günlük istirahət vermişdi. Dünəndən etibarən məşqlərə başlayan komandamız uzun krossdan istifadə edib.
Bu gün isə 2 məşqin baş tutması planlaşdırılır. İlk hazırlıq komandanın bazasında səhər saat 10-da baş tutub. Bu zaman futbolçular trenajorla yanaşı digər fiziki hazırlığa yönəlmiş təmrinlər yerinə yetiriblər. Günün ikinci məşqi isə Suraxanı qəsəbə stadionunda keçiriləcək. Komandada futbolçuların hazırlığına gəlincə. Elşən Məmmədov, Hüseyn İsgəndərov artıq qrup halında məşqlərə qatılıblar. Son oyunda zədələnən Aslan Kərimovun da vəziyyəti pis deyil. Litva ilə keçiriləcək yoxlama görüşü ilə əlaqədar olaraq millinin düşərgəsinə çağrılmış Fərhad Vəliyev və Aftandil Hacıyev də məlum səbəblərdən dolayı düşərgəni tərk ediblər. Bu komandanın hazırlığında iştirak etməyən sonuncu futbolçu deyil. Belə ki, U-21 İtaliya ilə keçiriləcək milli komandanın heyətinə çağrılan Osman Umarov, Maksim Medvedev, Nodar Məmmədov, Vaqif Cavadov, Rauf Əliyev də düşərgəni tərk edib.
Bu arada komandamız “Turan”la keçiriləcək çempionat görüşünə qədər bir yoxlama matçı keçirməyi planlaşdırır. Çərşənbə gününə qədər oyununun keçirilməsi nəzərdə tutulub. Onu da xatırladaq ki, “Turan”la oyun Martın 30-da keçiriləcək.
