YUNİS HÜSEYNOV İSTEFA VERDİ

single-news
2 İyn 2005

YUNİS HÜSEYNOV İSTEFA VERDİ



Dünən Yevlaxın "Karvan" klubunun məşqçi və idarə heyəti müşavirə keçirərək İntertoto kubokuna qatılmağı qərara alıb. "Karvan"ın rəsmi internet saytının məlumatında bildirilir ki, artıq komandanın hazırlıq proqramı tərtib olunub. Klub üzvləri iyunun ilk ongünlüyündə toplanacaq. İntertoto kubokunda əsasən gənclərə üstünlük veriləcək. Bundan başqa "Karvan"ın məşqçi korpusu bir neçə yeni futbolçunu sınağa çəkəcək. Komandanın əsas oyunçuları isə plana uyğun olaraq növbəti mövsümə hazırlaşacaqlar. "Karvan"ın ilkin mərhələdəki rəqibi Polşa klubudur. İlk mərhələnin oyunları iyunun 17-18-də, cavab görüşləri bir həftə sonra keçiriləcək. "Karvan" İntertoto kubokuna yeni məşqçiylə gedəcək. Məsələ burasındadır ki, Yevlax təmsilçisinə milli çempionatın bürünc medallarını qazandıran Yunis Hüseynov dünən öz istəyilə tutduğu vəzifədən gedib. Ölkəmizdə "B" kateqoriyalı üç məşqçidən biri olan Y.Hüseynov təhsilini xaricdə davam etdirəcək. Bu addımı atmaqda onun məqsədi "A" kateqoriyalı məşqçi lisenziyası almaqdır. Baş məşqçi postuyla vidalaşmasına baxmayaraq, Yunis Hüseynov "Karvan"da qalıb. Klub rəhbərliyi şəxsi keyfiyyətlərini, komandaya göstərdiyi xidmətləri nəzərə alaraq onu baş müşavir vəzifəsinə təyin edib. "Karvan"ın yeni baş məşqçisinin adı isə yaxın günlərdə açıqlanacaq.

Paylaş