Yunis Məmmədov "Qarabağ"ın çempionluğuna mane olub (FUTBOL+,04.07.2005)

single-news
4 İyl 2005

Yunis Məmmədov "Qarabağ"ın çempionluğuna mane olub (FUTBOL+,04.07.2005)



Menecersizlik Azərbaycan futbolunda hələ də həllini tapmayan problemlərdəndi. Bizdə adətən futbolçular klublarla transfer məsələlərini özü həll edir. Belədə üçüncü tərəfin keçid məsələsində iştirakına ehtiyac qalmır. Amma son aylarda baş tutan bəzi transferlərdə dediyimiz həmin "üçüncü tərəf" iştirakçı olub. Söhbət bəlkə də çoxlarının yaxşı tanımadığı Yunis Məmmədovdan gedir. Tanıtım və... Məmmədovun böyük futbolçu karyerası olmasa da, hər halda, özünü bu sahədə sınamağa imkan tapıb. Daha çox birinci dəstə komandalarında "çərçivə" qoruyucusu olub. Və müsahibimi daha yaxından tanıtmaq üçün onun millinin də şərəfini qoruyan, hazırda "MKT-Araz"da forma geyən Saşa Yunisoğlunun atası olduğunu deyim. O ki qaldı Yunis bəyin menecerlik fəaliyyətinə başlamasının tarixçəsinə, bu haqda özündən eşidək: "Menecerliklə hələ 1988-ci ildən məşğulam. Ovaxtlar Rusiyada yaşayırdım. Uzaq Şərqin bir çox klublarıyla işbirliyi qurmuşduq. Amma onu da deyim ki, sovetlər dönəmində belə işlərə çox vaxt həvəskar səviyyədə baxılırdı. İmkan vermirdilər ki, adını menecer qoyub normal fəaliyyət göstərəsən. İndinin özündə də bizdə bu problem davam edir. Yeganə azərbaycanlıyam ki, 1987-ci ildə Uzaq Şərq çempionu olmuşam. Sakit okean hövzəsi ölkələrinin iştirakıyla keçirilən Sakit okean kubokunun qalibiyəm. Orada ən yaxşı qapıçı adına layiq görülmüşdüm. Həmçinin 1986-cı ildə Uzaq Şərqdə "ilin idmançısı" seçilmişdim. Bu rəsmi sənədlərdə də əksini tapıb. 1997-ci ildə "Şərur" futbol klubunu yaratmışdım. Rusiyadan yenicə gəlmişdim və düşünürdüm ki, hər şey orada olduğu kimidi. Yəni digər imkanlı şəxslərin köməyiylə bu klubu yüksək səviyyəyə çatdıracağımızı düşünürdüm. Amma təəssüf ki, belə olmadı. İki il əvvəl yenidən menecerlik fəaliyyətinə başlamaq qərarına gəldim. İlk olaraq menecerlik işinə öz oğlumla başladım. Bir müddət əvvəl Saşa Yunisoğlunu çoxları tanımırdı. Ancaq fəaliyyətim nəticəsində ona klub tapdım. "Bakılı"nın rəhbərliyi oğluma inandı və ona özünü göstərməyə imkan verdi. Buna görə həmin klubun prezidenti olmuş Misir Əbilova, baş məşqçi Nadir Qasımova minnətdaram. Halbuki gənclər yığmasının məşqçiləri olmuş Əsgər Abdullayev, Yaşar Vahabzadə deyirdi ki, Saşadan futbolçu olmaz. İnanmırdılar. Futbolumuzda hakimiyyət dəyişikliyi olandan sonra Saşa milliyə də dəvət aldı. Yığmaya yenicə baş məşqçi təyin olunan Torres də sübut etdi ki, bu futbolçudu, bəlkə ona inanmayanların özünün məşqçilik bacarığı şübhə altında ola bilər. Sonra "Bakılı"da maliyyə problemi yarandığından oğlumu "MKT-Araz"a təklif etdim. Sizə deyə bilərəm ki, Saşanın imişlilərlə imzaladığı müqavilə Azərbaycan futbolunda ən yüksək ödənişli olan ilk müqavilə idi. Mən həmçinin Rail Məlikovun "Bakılı"dan "Bakı"ya keçidində də rol oynamışam. Həmçinin Elşad Əhmədovun, Müşfiq Hüseynovun "MKT-Araz"a keçməyində də rolum olub. Elmar Baxşıyevin "İnter"də qalması, Rəşad Abdullayevin "Xəzər-Lənkəran"a keçməsi də mənim menecerlik fəaliyyətimin nəticəsidi. Düşünürəm ki, adını çəkdiyim və keçidində rolum olan digər futbolçular da öz klublarına fayda verə biliblər". "Neftçi" oyun sata bilər, amma... Azərbaycan futbolunda başverənlərin çoxundan xəbərdar olduğunu deyən Yunis bəyin baxış bucağı bir qədər fərqlidi. Məsələn, Məmmədovun fikrincə, bir çox klubumuzun infrastrukturu peşəkar çərçivədə deyil. Maraqlıdı ki, o belə klubların sırasında "Neftçi"ni başqalarından daha tez "görür"... yazıda sonrakı bölümlərində "QARABAĞ"A AİD HİSSƏLƏR: ...Klub infrastrukturunun nisbətən düzgün qurulması baxımından "Bakı"nı, "İnter"i, "Xəzər-L"nı, "Turan"ı, "Karvan"ı, "Qarabağ"ı, "MKT-Araz"ı fərqləndirmək olar. "Bakı" bəlbə yeganə klubdur ki, orada ayrıca seleksiya işi ilə məşğul olan şöbə var... "İstəsəydim "Qarabağ" çempion olardı... Məmmədov bir çox futbolçuların keçidində rol oynamaqla yanaşı, əksər klublarla sıx əlaqə qurmağa da nail olub. Məsələn bildiyimizə görə Yunis bəyin sırf işgüzarlıq baxımından "Bakı","Turan", "Xəzər-L", "Qarabağ", "MKT-Araz" kimi komandalarla yaxşı əlaqələri var. Elə bu yaxınlıq ötən çempionatda çox şey görüb götürməyə imkan yaradıb. Ən maraqlısı isə onun "Qarabağ" haqda dedikləridir. Yunis bəy Ağdam klubunu çempion etmək imkanına malik olduğu halda bunu etmədiyini deyir: "İqor Ponomaryov komandaya baş məşqçi gələndə ona köməyimi təklif etdim. Ponomaryov vaxtilə yığmamızı çalışdırsa da, "Qarabağ"da ilk peşəkar klub səviyyəsində fəaliyyətə başlayacaqdı. Həm də ötən illər ərzində Azırbaycanda da çox şey dəyişmişdi. Bütün bunları nəzər alıb Asəf Namazovu kluba müşavir kimi təklif etdim. Amma Ponomaryov nədənsə razı olmadı. Nəticəsini də sonda gördü. Mən istəsəydim "Qarabağ" çempion olardı.Adını çəkməyəcəm, elə komandalar var idi ki, Ağdam klubu onlarla vacib xallar itirməklə çempionluğa olan şansını da əldən verdi. Halbuki mən həmin komandalarla danışıb, 5-10 min dolların müqabilində məsələni həll edə bilərdim. klub rəhbərliyi, Ponomaryov və mən belə çempionluqdan mənəvi cəhətdən ləzzət ala bilməzdik. Həmin oyunlarda "Qarabağ" qələbə qazanmaqla mövsümü zirvədə başa vura bilərdi... ...Menecer kimi fəaliyyətinin baş tutmasında ilk öncə "MKT-Araz", "Bakı", "Turan" və "Qarabağ" klublarının rəhbərlərinə minnətdar olduğunu da deyir.

Paylaş