Yuşka stadionlardan narazı, mətbəximizdən isə razıdır (çempion, 06.03.2006)

single-news
6 Mar 2006

Yuşka stadionlardan narazı, mətbəximizdən isə razıdır (çempion, 06.03.2006)



“Qarabağ”ın yeni legioneri olan Egiduyus Yuşka da, deyəsən, yavaş-yavaş formaya düşür. Hər halda Litvada və Qazaxıstanda çempionluq sevinci yaşayan əcnəbi futbolçudan “Qarabağ”lı azarkeşlər daha səviyyəli oyun gözləyirlər. O da get-gedə onların etimadını qazanmaqdadır. Hücumçunun xüsusilə “Bakı” ilə son kubok matçını qeyd etmək lazımdır. Oyun boyu öz fəallığı ilə seçilən Yuşka bu matçda həm qol hesabını açdı, həm də 3-cü qolun ötürməsini verdi. Onunla söhbətə isə ənənəvi olaraq bir az əvvəldən başladıq: - 1975-ci ildə Litvada Vilnüs şəhərində anadan olmuşam. Məşqlərə səkkiz yaşımda başlamışam. İlk peşəkar klubum “Jalqiris” olub. Səhv etmirəmsə, o zaman 19 yaşım var idi. Bu komandanın heyətində çempionluq sevinci yaşadım. Sonra isə “Kareda”ya keçdim. Daha sonra karyeramın Qazaxıstan hissəsi başlandı. Burada da “İrtış”la birlikdə çempionatın qızıl medallarını qazandım. Belarusiyaya üz tutdum. Bu ölkədə TBMK və “Torpedo Maz” klublarının şərəfini qoruduqdan sonra Azərbaycana gəldim. - Gəlişin necə baş tutdu? - Menecer vasitəsi ilə. O, məni ölkənizə dəvət etdi. Mən də onun məsləhəti ilə “Qarabağ”a baxışa gəldim. - Komanda necə təsir bağışladı? - Çox yaxşı, mehriban kollektivdir. Gəlmələrlə yerlilərə fərq qoyulmur. Baş məşqçimizdən də razıyam. Çox ciddi və tələbkar şəxsdir. Hələ ki yaya kimi buradayam. Sonrasını isə zaman göstərəcək. - Yəqin ki, gəlməmişdən öncə sənin də futbolumuz haqda elə çox məlumatın yox idi. - Düzdür, demək olar ki, futbolunuz haqda böyük informasiyaya malik deyildim. Sadəcə “Neftçi”nin “Birlik kuboku”ndakı çıxışlarından xəbərdar idim. Burada səviyyə pis deyil. Güclü komandalar var. Xüsusilə “Neftçi”nin adını çəkərdim. Mən ölkələri müqayisə etmək istəmirəm. Hərənin özünəməxsus özəlliyi var. Məsələn, oynadığım ölkələrdə daha çox fiziki hazırlığa üstünlük verirlər. Lakin mənə də məlumdur ki, qafqazlıların əsas silahı texnikadır. Elə sizin çempionatda da komandalar əsasən bu cür taktikaya önəm verirlər. Lakin meydançalarınızın vəziyyəti ürəkaçan deyil. Belə stadionlarda futbol oynamaq sağlamlıq üçün böyük riskdir. - Sən ki rayonlarda olmamısan.... - Yox, mən paytaxtdakı stadionlardan danışıram. Məgər bundan da pis qazonlarınız var? Bax bundan xəbərim yoxdur. Bu ki artıq ciddi problemdir. - “Qarabağ”ın məqsədlərindən xəbərdarsan. Artıq bütün ümüdlər ölkə kubokunadır. Səncə, “Bakı” səddini keçmək mümkün olacaq? - Kubok iki oyundan ibarət olduğundan hər şeyin sonunu gözləmək lazımdır. İlk matç çox çətin keçdi. “Bakı” da güclüdür. Yaxşı ki, qələbə qazana bildik. Düzdür, 3:1 daha əlverişli hesab idi. Təəssüf ki, son dəqiqədə top buraxdıq. Bununla belə, mən komandamıza inanıram. Təkrar oyun daha ağır olacaq. Azarkeşlərimizi də bizi dəstəkləməyə çağırıram. O ki, qaldı qarşıya qoyulan məqsədə , mümkün olmayan heç nə yoxdur. - Azərbaycanda qol hesabını açdın. Təsüratlarını bilmək maraqlıdır... - Bu, xoş anlar idi. Səhv etmirəmsə, Mübariz Orucov cinahdan cərimə meydançasına daxil olub zərbə endirdi. Qapıçı və müdafiəçilərdən sıçrayan top mənim önümə düşdü və hesabı açdım. İnanıram ki bundan sonra da qolların davamı gələcək. - Bildiyimizə görə, Litvada yığma səviyyəsində də oynamısan... - Elədir, bir müddət Litvanın əsas yığmasının heyətində çıxış etmişəm. Misal kimi 2000-ci ildə Norveç ve Səudiyyə Ərəbistanına qarşı keçirdiyim oyunları qeyd edərdim. Bu matçlar mənim üçün daha yaddaqalan olub. - Sonda ölkəmiz haqda olan fikirlərini də bizimlə bölüşərdin... - Ölkəniz çox xoşuma gəlir. İnsanlarınız mehriban, səmimi və qonaqpərvərdilər. Özümə qarşı daima isti münasibət görürəm. Ən çox bəyəndiyim isə yeməklərinizdir. Həqiqətən də Azərbaycanın mətbəxi çox zəngindir.

Paylaş

// pop up