Yuşkanın het-triki “Qarabağ”a qələbə qazandırdı (ÇEMPİON, 30.01.2006)

single-news
30 Yan 2006

Yuşkanın het-triki “Qarabağ”a qələbə qazandırdı (ÇEMPİON, 30.01.2006)



Yenilərdən Egidiyus Yuşka, Almir Suleymanoviç, Bojan İliç və Fərid Quliyev start heyətində yer almışdılar. Oyunun ilk yarısı “Qarabağ”ın aşkar üstünlüyü şəraitində keçdi. Artıq 5-ci dəqiqədə litvalı forvard Egidiyus Yuşka 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açdı. İlk hissənin sonlarına yaxın Böyükağa Ağayevin yetirmələri daha iki dəfə fərqləndilər. Hər iki qolun müəllifi olan Yuşka oyunda het-trikə imza atdı. Bərabər mübarizə şəraitində keçən ikinci hissədə isə “Gənclərbirliyi” buraxılan qollardan birinin əvəzini çıxa bilsə də, bundan artığını edə bilmədi və oyun “Qarabağ”ın 3-1 hesablı qələbəsi ilə başa çatdı. Qeyd edək ki, Egidiyus Yuşka və Bojan İliçin matçı fəal keçirmələrinə baxmayaraq, onlar və baxışda olan digər futbolçularla bağlı yekun qərar verilməyib. Komandanın mətbuat katibi Asif Əsgərovun verdiyi məlumata görə, bu futbolçuların taleyinə yaxın günlərdə aydınlıq gələcək. “Qarabağ” bu gün “Şahdağ”la yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyun saat 12-də “Şəfa” stadionunda baş tutacaq. Elə çox güman ki, yenilərdən hansılarının “Qarabağ”da qalacağını məhz bu qarşılaşma müəyyənləşdirəcək.

Paylaş