ZARIDAN, ZARIYAN ZAHI AZƏRBAYCAN FUTBOLU
ZARIDAN, ZARIYAN ZAHI AZƏRBAYCAN FUTBOLU
Bakı şəhəri. 2008-ci il. 15 iyun. Saat 02:00. O möhtəşəm oyun elə indicə qurtarıb. Həyəcandan və bir az da istidən bədənimi saran tər hələ qurumayıb. Gözlərimdə «buğlanma», barmaqlarımda titrəyiş, ayaqlarım da yerdən üzülüb… Sonuncu dəfə düz 8 il bundan əvvəl bu vəziyyəti yaşamışdım. Onda «Qalatasaray» neçə-neçə «div»i böyrü üstə qoymuş və Türkün şanlı bayrağını Kopenhagendə sancmışdı. Bu dəfə çempionluqdan hələ söhbət getmir. Qarşıda daha ciddi rəqiblər var və hələ zirvəyə çatmaq üçün daha böyük addımlar atmaq lazım gələcək. Amma sevincliyəm…
…Türkün coşan qanının nələr gətirəcəyini bütün dünya bir daha gördü. «Sataşmayın, bir nərə çəkər, dünyanı başınıza yıxaram», - dedi. Hələ də hansı məhzəbə qulluq elədiyini bilməyən isveçrəlilər şitini çıxarmışdılar. Fatih Terimdən gah buterbrod düzəltdilər, gah da dönər. Qədərin cilvəsinə bax ki, illərdir təşkilatçılıq üçün pul xərcləyən, tər tökən isveçrəlilər indi sadəcə, tamaşaçıdırlar və hasarın o tərəfindən Türkün tapdağı altında qalan azman Kollerlə birgə azmış iddialarını sığallamaqdadırlar…
…Məhəlləmizdə şənlik var. Axı, necə də olmasın? Bir qədər əvvəl möhtəşəm zəfərə imza atan qardaş (azərbaycanlı teleşərhçinin dediyi kimi, sadəcə, qonşu deyil, məhz QARDAŞ!) ölkənin komandasıdır. Biz bu qələbəni doyunca yaşamalıyıq…
…Sözlərlə ifadə etməkdə çətinlik çəkdiyim bu hissləri yaşayarkən, beynimdən istər-istəməz bir düşüncə keçir: «Görəsən, nə vaxtsa məhəlləmizdə «Türkiyə, Türkiyə!» sədaları ilə yanaşı, «Azərbaycan, Azərbaycan!» hayqırtısı da eşidiləcəkmi?..» Deyəsən, xam xəyallara qapılıram; ən azı bugünkü reallıqlar baxımından… Yox, mən qaşınmayan yerdən qan çıxarmaqda iddialı olan bəzi həmkarlarım kimi pessimizm girdabına girmək niyyətində deyiləm. Bu ölkədə futbol inkişaf edəcək, buna adım kimi əminəm. Nə vaxtsa, neçə ildən sonrasa olmalıdır bu. Başqa yolu yox artıq! Bu qədər dövlət güzəştinin, bu qədər maliyyə axınının qarşısında ruslar demişkən, «neujeli» hər il klublarımızın birinci, maksimum ikinci mərhələdə burunlarının əzilməsini izləyəcək, yığma komandalarımızın isə yalnız «cırtdanlar» üzərindəki qələbələrinə sevinəcək, ortabablar və nəhənglər qarşısında diz çökməsinin şahidi olacağıq? Axı, insaf da yaxşı şeydir. Bu ölkənin ən çox qazanan zümrəsindən biri olan futbolçu və məşqçi tayfası nə vaxta qədər bizləri başqalarının yanında gözükölgəli, başıaşağı və diliqısa edəcək? Yəqin ki, bunun da bir sonu olacaq. Mütləq olacaq. Bilirəm, hər birimiz o «son»un tezliklə gəlməsini istəyirik. Amma nə yazıq ki, onlar bunu bizlər qədər istəmirlər… Hələ ki…
P.S. Azərbaycan futbolu indi hamilə qadına bənzəyir. Zarımaqda və bizləri də zarıtmaqdadır. Bəli, Azərbaycan futbolu indi uğurlara hamilədir. Görəsən, «o mübarək uşağı tutmağa» bir «mamaçamız» yoxdurmu aramızda?
P.P.S. Respublika Doğum Evi də neçə vaxt idi təmirə dayandırılmışdı, görəsən, artıq işləyir?..
P.P.S. Doğum evi açılmağına açılacaq. Buna şübhəniz olmasın. Elə “mamaça” da tapılacaq....