Zaur və İlqar daha 1 il `Qarabağ`da

single-news
31 May 2011

Zaur və İlqar daha 1 il `Qarabağ`da



`Qarabağ` Futbol Klubu mövsüm başa çatar-çatmaz futbolçularla müqavilə yeniləməkdə davam edir. Namiq Yusifov və Vüqar Nadirovun ardından komandamız daha 2 futbolçusuyla müqaviləsini uzadıb. Zaur Həşimov və İlqar Qurbanov daha bir il `Qarabağ`ımızın şərəfini qoruyacaq.
2008-ci ilin yanvarından `Qarabağ`ımızın şərəfini qoruyan Zaur əsasən sağ cinah müdafiəçisi kimi tanınsa da, sol cinahda da oynamağı bacarır. Dayaq yarımmüdafiəçisi kimi də sınanan 30 yaşlı Həşimovdan komandamızın baş məşqçisi Qurban Qurbanov daha çox müdafiənin mərkəzində isitfadə edir. Zaur saytımıza verdiyi açıqlamada sazişlə bağlı belə danışıb:` Təbii ki, `Qarabağ`da  karyeramı davam etdirəcəyim üçün sevinirəm. Bir qarabağlı olaraq sevimli komandamda oynamaq çox xoş bir duyğudur. Artıq 4 ildi ki `Qarabağ`da oynayıram. Bu heç də az müddət deyil. Həm də komandanın `qızıl` dövrünün bir parçası olmaq da qürurvericidir. Təbii ki, istərdim karyeramı elə `Qarabağ`da bitirim. `Qarabağ`da sadəcə futbol haqqında düşünürük. Əla kollektivimiz var. İnşallah, qarşıdakı mövsümün də bizim üçün uğurlu olmasını istəyirəm.`
`Qarabağ`ımız İlqar Qurbanovla da müqaviləni uzadıb. Müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı futbolçulardan sayılan 25 yaşlı `vinger` zəngin karyerasıyla da öyünə bilər. Qışda komandamızın sıralarına qoşulan İlqar, öncə texniki, sonra isə zədə problemiylə üzləşsə də, öz üzərində əzmkarçasına çalışaraq Qurban Qurbanovdan forma ala bildi. `Xəzər-Lənkəran`la çıxdığı debüt oyunundaca fərqlənərək `İlqar Qurbanov`u bir daha xatırladan yarımmüdafiəçi yeni mövsümdə karyerasının ən uğurlu dönəmini yaşamağı planlaşdırır:``Qarabağ`la yeni müqavilə bağladığıma görə məmnunam. Rəhbərliyin və Qurban Qurbanovun mənə etimad göstərdiyinə görə öz təşəkkürümü bildirirəm. Son oyunlarda məni meydana buraxmaqla baş məşqçimiz mənə inandığını göstərdi. `Qarabağ`da güclü heyət formalaşıb. Forma uğrunda gərgin mübarizə gedir. Amma Qurban müəllim formanı kim çox istəyirsə ona verir. Bu il daha uğurlu çıxış edəcəyimizə inanıram. İlk olaraq avrokuboklar gəlir. İnanıram ki, bu il də azarkeşlərimizi uğurlu nəticələrlə sevindirə biləcəyik. Eyni zamanda çempionatın və ya kubokun ən azının birini qazanmaq gücdəyik. Mən də var-gücümlə `Qarabağ`ın uğur qazanmasına köməklik göstərəcəm.

Paylaş

// pop up