"Zədə epidemiyası "Qarabağa" baha başa gəldi" (üç nöqtə, 29.07.2006)

single-news
29 İyl 2006

"Zədə epidemiyası "Qarabağa" baha başa gəldi" (üç nöqtə, 29.07.2006)



BÖYÜKAĞA AĞAYEV: "ÜMİD EDİRDİM Kİ, BAKI GÖRÜŞÜNDƏ QAPIMIZDAN QOL BURAXMAYACAĞIQ" UEFA Kubokunun ilkin mərhələsində biz "Qarabağ"dan qələbə gözləyirdik. Çünki bu komandalar arasında birinci görüş bərabərliklə (1:1) başa çatmışdı. Bakıda keçiriləcək cavab görüşündə isə 0:0 hesablı nəticə belə komandamızın növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcəkdi. Lakin arzularımız həqiqətə çevrilmədi, futbolçularımızın lazımı səviyyədə oyun sərgiləyə bilməmələri bizi bu dəfə də məğlubiyyətlə barışmağa vadar etdi. Məğlubiyyətin səbəblərini öyrənmək üçün "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevlə əlaqə saxladıq.- Böyükağa müəllim, məğlubiyyətin səbəblərini nədə görürsünüz? - Futbolçularımız onlara verilmiş tapşırığı yerinə yetirə bilmədilər. Bizdə əsasən oyunu zədələndiklərinə görə, bu qarşılaşmada yaşıl meydana çıxa bilməyən futbolçular qururdu. Sergey Sokolovla Azər Məmmədovun meydanda olmaması komandanın əvvəlcədən təyin edilən hücum taktikasını qura bilməməsinə səbəb oldu. Bizim müdafiəçilər rəqibdən topu alandan sonra, onu irəli atsalar da, yarımmüdafiə xətti lazımınca oynaya bilmirdi. Bunun nəticəsində də rəqib komandanın müdafiəçiləri topu asanlıqla ələ keçirirdilər. - Siz qələbəyə, ən azından 0:0 hesablı nəticəyə inanırdınız. Bu inam məğlubiyyətə səbəb olmadı ki? - Mən deməzdim ki, bu inam oyunçularda arxayınçılıq yaratdı. Yenə deyirəm, əsas məsələ odur ki, oyun quruculuğunda onlar bizdən güclü idilər. Rəqib komandanın müdafiə xətti əla qurulmuşdu. Bu sahədə onlar bizdən üstün oyun sərgilədilər. "Qarabağ"ın futbolçuları da bacardıqları qədər aktiv oyun nümayiş etdirməyə çalışırdılar. Ancaq onlarda hücuma yüksək peşəkarlıqla başlamaq taktikası çatışmırdı. Məğlubiyyətin səbəblərindən biri də, orta xəttin hər iki cinahının zəif oynaması idi. Səfər oyununda ən çox təhlükə yaradan oyunçulardan biri Hakan Dəmir idi. Məhz qolla nəticələnən hücumu da o başlamışdı. Bu oyunda isə Hakan Dəmirin cinahda oynamaması, zədəlilər sırasında yer alması məğlubiyyətimizə səböəb olan amillərdən biri oldu. - Oyunda Vasif Haqverdiyevlə Kənan Kərimovun yorğunluqları hiss olunurdu. Nə üçün onları müvafiq oyunçularla dəyişdirmədiniz? - Bizdə ehtiyat oyunçuları sırasında cəmi 3 nəfər qalmışdı. Mən birinci hissədə Ramiz Hüseynovu əvəzlədim. Ancaq sonra oyunun əsas axın xəttini dəyişə biləcək elə bir oyunçumuz qalmadı. Zədə epidemiyası "Qarabağ"a çox baha başa gəldi. Türkiyədə keçirdiyimiz oyunlar zamanı da zədə alanlarımız çox oldu. - Rəqib komanda demək olar ki, bütünlüklə gənclərdən təşkil olunmuşdu. Sizcə, onlar bizim oyunçulardan fiziki baxımdan daha güclü deyildilər ki? - Rəqib komandanın futbolçuları topu daha yaxşı saxlaya bilirdilər. Nəticədə bizim oyunçular topsuz qalırdılar. Sözssüz ki, topsuz qalan komanda daha çox işlədiyinə görə, tez yorulur. Mən əvvəlcədən demişdim ki, biz topu lazım gələn qədər özümüzdə saxlaya bilsək, onları daha tez yora bilərik. Ancaq bizdən meydanda topu özündə saxlaya biləcək futbolçu az oldu. - Futbolçularımızdan kimin oyunu sizi qane etdi? - Mən deməzdim ki, kimsə yaxşı oynadı. Hücum xəttində də bizim topla əlaqəmiz zəif oldu. Buna görə də rəqib komanda daha asan hərəkət edə bilirdi. Hava mübarizəsində isə onlar bizim oyunçulardan boyca daha hündür olduqlarına görə, topa tez yiyələnə bilirdilər. Sössüz ki, burada sürət məsələsi də həlledici rol oynayırdı. Əksər hallarda ünvansız gedən toplara rəqib komandanın oyunçuları tez çatırdılar. Bizim hücumçular ikinci hissədə onlara daha çox maneəçilik törətməli idilər. Ancaq futbolçularımızın zəif taktikası nətiúədə də özünü göstərdi. Bizdə Ramal Hüseynovla Aslan Kərimov bir az fəal idi. Qalan futbolçular demək olar ki, meydanda görünmürdülər. Ümumilikdə isə, futbolçularımızın topla rəftarları kifayət qədər professional deyildi. Ən əsası da kənar yarımmüdafiəçilərimiz zəif oynadılar. - Hakim bəzi məqamlarda oyunu tamamilə ələ ala bilmirdi. Nəticədə isə oyunçular arasında çaşqınlıq yaranır, mübahisələr düşürdü. Sizi hakimin görüşü idarə etmə səviyyəsi qane etdimi? - Sössüz ki, bütün oyunlarda hakimlərin müəyyən qədər səhvi olur. Ancaq mən bu barədə nə isə danışmaq istəmirəm. Əsas odur ki, bizim futbolçularımız onlardan gözlədiyimiz oyunu sərgiləyə bilmədilər. - Bəs indi, hansı addımlar atacaqsınız? - İndi bizim ən əsas məqsədimiz zədə alan futbolçuları əvvəlki formalarına qaytarmaqdır. Onlardan heç olmasa Sergey Sokolov bu oyunda oynasa idi, mənə belə gəlir ki, oyun başqa cür nəticə ilə yekunlaşardı. Sokolov elə bir futbolçudur ki, həm sığortada, həm hücumqurmada fərqlənir. Xüsusilə də, onun qəfil ötürmələri rəqib komanda üçün çox çətin vəziyyətlər yaradır. - Sizcə, komandamızın Bakıdakı oyunu Kişinyovda keçirilən qarşılaşmadan çoxmu zəif oldu? - Mən gözləyirdim ki, biz heç olmasa Bakıda öz qapımızdan qol buraxmayacağıq. Bunu əsas heyətdə itkilərin olmasına baxmayaraq, qarşımıza məqsəd qoymuşduq. Ancaq alınmadı. - Yeni transferlər haqqında nə düşünürsünüz? - Bu barədə müəyyən planlarımız var idi. Ancaq indi vaxt çox dar olduğundan onu həyata keçirməyin mümkün olub-olmaycağını deyə bilmərəm. Bu maçtda hazırda klubumuzda olan 5 legionerdən biri oynayırdı. 4 legionerimiz isə zədəlidir. - Bu oyunun nəticəsi klubun gələcək fəaliyyətinə və hazırlığına necə təsir edəcək? - Bilirsiniz, bu futboldur. Futbolda gözlənilməz nəticələrlə tez-tez rastlaşırıq. Bizim oyunçular bunu çox yaxşı başa düşürlər. Yüksək qələbələrlə yanaşı, bu cür uğursuzluqlara da hazır olmaq lazımdır.

Paylaş