QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ`da yaxşı insanlar var və bu, mənim üçün çox vacibdi. (sport-favorit))
Miro Varvodiç: "Almanlar qiymətimi şişirdib"
 
"Qarabağ"ın xorvatiyalı qapıçısı Miro Varvodiçin müsahibəsi
 
- "Neftçi"yə minimal hesabla qalib gəldiyiniz oyunla bağlı nə deyə bilərsən?
- Həmin gün biz "Neftçi"dən daha güclü idik. Bütün göstəricilərdə! Bunun nəticəsində də qələbə qazandıq. Birinci turda son dəqiqədə buraxdığımız qolla "İnter"lə xalları bölüşdürmüşdük. Ona görə də "Neftçi" ilə oyuna ciddi hazırlaşmışdıq. Biz bu qələbəyə layiq idik. Düşünürəm ki, mən səhv demirəm.
 
- "Qarabağ" – "Neftçi" oyunu derbi xarakteri daşıyır. Amma belə bir matçı boş tribunlar qarşısında keçirdiz.
- Oyun boş tribunalar qarşısında keçmədi. Müəyyən qədər maraq var idi, azarkeşlərlər az da olsa, gəlmişdilər. Fikir verirəm ki, Azərbaycanda hələ də insanların beynində futbolla bağlı sual işarələri var. Buna görə də stadionlara az adam gəlir. İnanıram ki, gələcək illərdə tribunalarda azarkeşlərin sayı artacaq. Bu da bizlərdən asılıdı. Klublarınız nə qədər yaxşı, tanınmış legionerlər alsa, çempionatın marağı bir elə artar.
 
- Bəs matçın sənin üçün belə rahat keçəcəyi ağlına gələrdi? Oyun ərzində sənə tərəf çox az top gəldi. Boş-bekar dayanmışdın.
- Əlbəttə, yox. Çünki oyundan əvvəl hamı deyirdi ki, “Neftçi” ciddi rəqibdi. Baş məşqçimiz bizi oyuna yaxşı hazırlamışdı. Açığı, mənim üçün də matçın belə rahat keçəcəyi gözlənilməzdi. Təsəvvür edin ki, "Neftçi" ilə oynayırsız və qoruduğunuz qapıya doğru cəmi iki zərbə gəlir. Yəqin avrokuboklarda oyunları olduğu üçün belə zəif oynadılar.
 
- "Qarabağ"a transfer olunduğun ərəfədə Almaniya mətbuatı yazmışdı ki, Azərbaycanda ilinə 800 min avro qazanacaqsan. Düzgün məlumatdı?
- Hərdən mətbuat belə informasiyalar yazır. Yüz faiz deyirəm ki, doğru deyil. Dəqiq rəqəmi açıqlamayacam. Almanlar qiymətimi bir qədər şişirdib.
 
- Bura "Köln"dən gəlmisən. Yəqin ki, Azərbaycan və Almaniya çempionatlarını heç müqayisə belə etmək olmaz.
- Sözsüz. Bundesliqa Avropanın 5 ən aparıcı çempionatından biridi. Onu Azərbaycan Premyer Liqası ilə müqayisə etmək düzgün deyil. Almaniyada yüksək səviyyəli klublar var, heyətlərində güclü futbolçular çıxış edirlər. Müqayisə aparmaq çox çətindi. Orda 5 il çıxış etmişəm. Ancaq Azərbaycan çempionatı da yaxşıdı.
 
- Zarafat edirsən? Hansı mənada yaxşıdı deyirsən?
- Eyni güclü komandaların sayı çoxdu. Çempionluq uğrunda mübarizə, bildiyimə görə, 7-8 klubun iştirakıyla keçir.
 
- Premyer Liqamız Almaniyanın 3-cü, 4-cü Bundesliqası ilə ayaqlaşa bilər?
- Hardasa olar. Amma məncə, hətta Azərbaycan çempionatının ilk “altılığ”ını II Bundesliqa ilə də müqayisə etmək olar. Bəzi klublarınız Almaniyada çıxış edə bilər. Ancaq Bundesliqada yox. Məsələn, "Neftçi" orda oynasa, ən yaxşı halda 15-ci yeri tuta bilər.
 
- Bəs "Qarabağ" necə?
- Məncə, mövsüm sonunda “Qarabağ” 14-cü olar (gülür). Zarafat bir yana, "Qarabağ" hər tur diqqətli oynasa, orta pillələrdə qərarlaşa bilər. Çünki komandanın Qurban Qurbanov kimi baş məşqçisi var.
 
- Bundesliqa Azərbaycan Premyer Liqasından qat-qat səviyyəlidi. Bəs onda niyə "Köln"ü “Qarabağ”a dəyişdin?
- Birincisi, oynamaq istəyirdim. "Köln"də nadir hallarda meydana çıxırdım. Qapıçı üçün oyun praktikası çox vacibdi. İkincisi, "Köln" aşağı dəsətəyə düşdü. Üçüncüsü isə "Qarabağ"dan aldığım təklif məni qane elədi və gəldim. "Qarabağ"da yaxşı insanlar var və bu, mənim üçün çox vacibdi.
 
- Yeni komandan ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağı təmsil edir. "Qarabağ"dan məlumat toplayanda müharibə haqda nə dedilər sənə?
- "Qarabağ"ın hansı zonanı təmsil etdiyini bilirəm. Klubdan mənə kifayət qədər məlumat veriblər. Təəssüf ki, komanda öz stadionunda oynamır. Gələndən ancaq Bakını görmüşəm. O torpaqları gəzmək, dolaşmaq istərdim. Ancaq Bakı elə gözəl şəhərdi ki, ilk dəfə görəndə çox təəccübləndim. İnanıram ki, Azərbaycanda uğurlu karyeram və gözəl günlərim olacaq.
 
"Sport Favorit"