QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kəlbəcərin işğalından 25 il ötür

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir. 

Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib. 

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi,  Kəlbəcər şəhərində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.